Robotlar icra edir, insanlar qərar verir: Şirkətlər Qrupumuz “UiPath FUSION Baku”da

Bakı şəhərində qlobal UiPath texnologiya vendorunun təşkilatçılığı ilə “UiPath FUSION Baku” beynəlxalq tədbiri keçirilib. Tədbir RPA (Robotic Process Automation), Agentic AI və ağıllı avtomatlaşdırma texnologiyalarının biznesdə real dəyər və ROI yaratmasına həsr olunub, ölkənin aparıcı şirkətlərini, texnologiya liderlərini və qərarvericiləri bir araya gətirib. Şirkətlər Qrupumuz bu tədbirdə Müştəri Təcrübəsi Sessiyası çərçivəsində spiker qismində çıxış etmək üçün seçilmiş dörd aparıcı şirkətdən biri olub. Tədbirdə Şirkətlər Qrupumuzu təmsil edən İnformasiya Texnologiyaları direktoru Ülvi Babaşov “RPA ilə dəyişən iş mühitimiz” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda RPA və Agentic AI texnologiyalarının şirkətimizdə hansı biznes ehtiyaclarından irəli gəldiyi, necə tətbiq edildiyi və hansı ölçüləbilən nəticələr verdiyi real nümunələr əsasında nümayiş etdirilib. Təqdimatda vurğulanan əsas nəticələr bunlar olub: - Qrup daxilində 23 prosesin uğurla robotlaşdırılması; - 11K+ saat əməliyyat vaxtına qənaət; - Əlavə 9+ əməkdaş resursuna ehtiyacın qarşısının alınması; - Proseslərdə sürətin, dəqiqliyin və şəffaflığın əhəmiyyətli dərəcədə artırılması; - Əməkdaşların təkrarlanan və yorucu işlərdən azad olunaraq daha dəyərli və analitik işlərə fokuslanması. Bu beynəlxalq platformada Veysəloğlu Şirkətlər Qrupunun təcrübəsinin paylaşılması şirkətimizin texnoloji yetkinliyini, innovasiyaya açıq mədəniyyətini və güclü komandalararası əməkdaşlığını bir daha nümayiş etdirib. İnanırıq ki, bu uğur qarşıdakı dövrdə hyperautomation, Agentic AI və RPA tətbiqlərinin daha da genişləndirilməsi üçün güclü motivasiya yaradacaq. Çıxış zamanı vurğulanıb ki, RPA və Agentic AI texnologiyaları yalnız əməliyyat avtomatlaşdırması deyil, eyni zamanda biznes transformasiyasının strateji alətidir. Bu yanaşmada robotlar icra edir, agentlər analiz aparır, insanlar isə qərar verir.

