Mərkəzi Sınaq Laboratoriyası Səriştəlilik Sınağında Yüksək Nəticə Göstərib

Mərkəzi Sınaq Laboratoriyası 14 laboratoriyanın iştirak etdiyi Səriştəlilik Sınağında (Proficiency Testing – PT) uğurla iştirak edərək bütün analiz istiqamətləri üzrə yüksək nəticələr əldə etmişdir. Səriştəlilik sınaqları laboratoriyaların analiz nəticələrinin düzgünlüyünü, dəqiqliyini və etibarlılığını qiymətləndirmək məqsədilə keçirilən beynəlxalq səviyyədə qəbul olunmuş keyfiyyət təminatı mexanizmlərindən biridir. Sınaq zamanı bütün iştirakçılara eyni nümunələr təqdim olunur və əldə olunan nəticələr Z-score göstəriciləri əsasında qiymətləndirilir. Bu sınaqlarda iştirak eyni zamanda ISO/IEC 17025 standartının əsas tələblərindən biridir. Laboratoriyamız sınaq çərçivəsində aşağıdakı analizlər üzrə iştirak etmişdir: • Su nümunələri üzrə fiziki-kimyəvi analizlər: pH, ümumi codluq, maqnezium (Mg), kalsium (Ca), hidrokarbonatlar və xloridlər. • Mikrobioloji analizlər: toplam bakteriya sayı, kif və maya göbələkləri, koliform bakteriyalar. • Bitki yağı üzrə analizlər: peroksid ədədi, nəmlik və uçucu maddələrin miqdarı, sərbəst yağ turşuları və refraktiv indeks. Sınağın yekun nəticələrinə əsasən Mərkəzi Sınaq Laboratoriyası iştirak etdiyi bütün analizlər üzrə qəbul meyarlarına tam uyğun nəticələr əldə etmişdir. Bu nailiyyət laboratoriyamızın texniki səriştəsinin, əməkdaşlarımızın peşəkarlığının və tətbiq olunan keyfiyyət idarəetmə sisteminin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Eyni zamanda bu nəticə müəssisəmizdə qəbul olunan qərarların etibarlı analiz nəticələrinə əsaslandığının mühüm göstəricisidir. Bu uğur münasibətilə Mərkəzi Sınaq Laboratoriyasının bütün kollektivini təbrik edir, bu nəticənin əldə olunmasına töhfə vermiş hər bir əməkdaşımıza təşəkkürümüzü bildiririk. Keyfiyyətə sadiqlik, etibarlı nəticələr və davamlı inkişaf – Mərkəzi Sınaq Laboratoriyasının əsas fəaliyyət prinsipləridir.
