Loading tabs...

Şirkətimizlə Bağlı Son Xəbərlər

“Veysəloğlu” MMC 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsində mükafatlandırılan şirkətlər sırasında yer alıb.

“Veysəloğlu” MMC 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsində mükafatlandırılan şirkətlər sırasında yer alıb. “Award Organizers Group” tərəfindən təşkil olunan müsabiqə “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının rəsmi dəstəyi, “Azərbaycan Sənaye Sığorta” ASC, “Baku Container”, “Azerish” və “ERPGO” şirkətlərinin sponsorluğu ilə keçirilib. Müsabiqə çərçivəsində müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən, öz seqmentində möhkəm mövqeyi və ictimaiyyət arasında tanınması ilə seçilən 50 ticarət markası müəyyən edilərək mükafatlandırılıb. Bu uğur münasibətilə bütün əməkdaşlarımızı təbrik edir, birlikdə daha böyük nailiyyətlər arzulayırıq!

Daha çox
“Veysəloğlu” MMC 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsində mükafatlandırılan şirkətlər sırasında yer alıb.

Yeni partnyor - Avromak şirkəti

Sizə yeni partnyorumuz “Avromak” şirkətini və onun “Favelli”və“Rizzi” brendinə məxsus makaron və un çeşidlərini təqdim etməkdən məmnunluq duyuruq. “Avromak” MMC 2019-cu ildə Azərbaycanda, Bakı şəhərində fəaliyyətə başlamışdır. Ölkəmizdə qida istehsalı sahəsində fəaliyyət göstərən, məhsul portfelində makaron və un çeşidlərini birləşdirən şirkətdir. Şirkət istehsal prosesində müasir texnologiyalardan istifadə etməklə məhsulların keyfiyyətinə və gigiyenik istehsal şəraitinə diqqət yetirir. İtaliya mətbəxindən ilhamlanan yeməklər hazırlamaq üçün müxtəlif seçimlər təqdim edən “Favelli” makaronları bərk buğda unundan , sudan və duzdan hazırlanır. Brendin çeşidləri gündəlik ailə süfrələrindən xüsusi axşam yeməklərinə qədər fərqli reseptlərdə istifadə oluna bilər. “Favelli” “Rizzi” makaron çeşidləri arasında spagetti, burma və vermişel yer alır. Spagetti pomidorlu, qaymaqlı və digər souslarla hazırlanan yeməklər üçün klassik seçimdir. Burma makaronlar tərəvəzli, ətli yeməklərdə və makaron salatlarında istifadə oluna bilər. Vermişel isə şorbalar və yüngül yeməklər hazırlamaq üçün əlverişli seçimdir. “Favelli” un məhsulları da şirkətin məhsul portfelinə daxildir. Evdə çörək, xəmir yeməkləri və müxtəlif şirniyyatlar hazırlayanlar üçün bu kateqoriya gündəlik mətbəx ehtiyaclarını tamamlayır.

Daha çox
Yeni partnyor - Avromak şirkəti

“Jardin” yeni məhsul çeşidlərini təqdim edir

Veysəloğlu Distribusiyanın sevimli partnyorlarından biri olan “Jardin” brendinin yeni məhsul çeşidləri təqdim olunur. Yeni kolleksiya qovrulmuş, həll olunan və kapsul qəhvələrlə yanaşı, məşhur kofeşop içkilərindən ilhamlanan xüsusi qarışıqları da əhatə edir. “Jardin”in məhsul portfeli müxtəlif dad seçimlərinə uyğun geniş çeşiddə hazırlanıb. Brendin qovrulmuş qəhvə kolleksiyasında Braziliya, Efiopiya, Kolumbiya və Qvatemala kimi tanınmış qəhvə regionlarından seçilmiş arabika dənələrindən istifadə olunur. Açıq, orta və tünd qovrulma dərəcələri məhsullara fərqli dad və ətir xüsusiyyətləri qazandırır. Brendin kapsul qəhvə kolleksiyası “Lungo”, “Espresso” və “Ristretto” sevənlər üçün müxtəlif intensivlikdə seçimlər təqdim edir. Kolleksiyada meyvə notları, zəngin acılıq, yumşaq dad və vanilli ətir kimi fərqli dad xüsusiyyətləri bir araya gətirilib. Həll olunan qəhvə kolleksiyasına balanslı və yumşaq dada malik “Jardin Gold”, tünd şokolad notları ilə seçilən “Jardin Deep Dark”, karamel dadı və zərif köpüyü ilə fərqlənən “Jardin Crema”, həmçinin şokoladlı və qaymaqlı notlara malik “Jardin Filigrano” daxildir. Qəhvə dənələrinin mənşəyini ön plana çıxaran “Colombia Medellin”, “Guatemala Atitlan” və “Kenya Kilimanjaro” çeşidləri isə müxtəlif qəhvə regionlarına xas dad xüsusiyyətlərini istehlakçılara təqdim edir. “Jardin Café Collection” seriyası “Americano”, “Cappuccino”, “Latte” və “Mocaccino” kimi məşhur içkiləri rahat porsiyalı formatda bir araya gətirir. Məhsullar zəngin dadı, xoş ətri və zərif süd köpüyü ilə kofeşop təcrübəsini gündəlik qəhvə anlarına daşıyır. Yeni məhsul çeşidləri fərqli qəhvə zövqlərinə uyğun alternativlər təqdim etməklə yanaşı, istehlakçılara günün istənilən vaxtında keyfiyyətli qəhvədən zövq almaq imkanı yaradır.

Daha çox
“Jardin” yeni məhsul çeşidlərini təqdim edir

Digər xəbərlər

Robotlar icra edir, insanlar qərar verir: Şirkətlər Qrupumuz “UiPath FUSION Baku”da

Robotlar icra edir, insanlar qərar verir: Şirkətlər Qrupumuz “UiPath FUSION Baku”da

Bakı şəhərində qlobal UiPath texnologiya vendorunun təşkilatçılığı ilə “UiPath FUSION Baku” beynəlxalq tədbiri keçirilib. Tədbir RPA (Robotic Process Automation), Agentic AI və ağıllı avtomatlaşdırma texnologiyalarının biznesdə real dəyər və ROI yaratmasına həsr olunub, ölkənin aparıcı şirkətlərini, texnologiya liderlərini və qərarvericiləri bir araya gətirib. Şirkətlər Qrupumuz bu tədbirdə Müştəri Təcrübəsi Sessiyası çərçivəsində spiker qismində çıxış etmək üçün seçilmiş dörd aparıcı şirkətdən biri olub. Tədbirdə Şirkətlər Qrupumuzu təmsil edən İnformasiya Texnologiyaları direktoru Ülvi Babaşov “RPA ilə dəyişən iş mühitimiz” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda RPA və Agentic AI texnologiyalarının şirkətimizdə hansı biznes ehtiyaclarından irəli gəldiyi, necə tətbiq edildiyi və hansı ölçüləbilən nəticələr verdiyi real nümunələr əsasında nümayiş etdirilib. Təqdimatda vurğulanan əsas nəticələr bunlar olub: - Qrup daxilində 23 prosesin uğurla robotlaşdırılması; - 11K+ saat əməliyyat vaxtına qənaət; - Əlavə 9+ əməkdaş resursuna ehtiyacın qarşısının alınması; - Proseslərdə sürətin, dəqiqliyin və şəffaflığın əhəmiyyətli dərəcədə artırılması; - Əməkdaşların təkrarlanan və yorucu işlərdən azad olunaraq daha dəyərli və analitik işlərə fokuslanması. Bu beynəlxalq platformada Veysəloğlu Şirkətlər Qrupunun təcrübəsinin paylaşılması şirkətimizin texnoloji yetkinliyini, innovasiyaya açıq mədəniyyətini və güclü komandalararası əməkdaşlığını bir daha nümayiş etdirib. İnanırıq ki, bu uğur qarşıdakı dövrdə hyperautomation, Agentic AI və RPA tətbiqlərinin daha da genişləndirilməsi üçün güclü motivasiya yaradacaq. Çıxış zamanı vurğulanıb ki, RPA və Agentic AI texnologiyaları yalnız əməliyyat avtomatlaşdırması deyil, eyni zamanda biznes transformasiyasının strateji alətidir. Bu yanaşmada robotlar icra edir, agentlər analiz aparır, insanlar isə qərar verir.

600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb

600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (ICMA) birgə təşkilatçılığı ilə Ramazan ayı münasibətilə “Buta Palace”da “Sahibkarlarla iftar süfrəsi” adlı tədbir keçirilib. Keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, biznes assosiasiyaları və müxtəlif sahələri təmsil edən Marsol Group partnyorları ilə yanaşı 600-dən çox sahibkar iştirak edib. Tədbirdə çıxış edən ICMA-nın İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev bildirib ki, “Sahibkarlarla iftar süfrəsi” artıq 5-ci dəfə təşkil olunur. Onun sözlərinə görə, bu təşəbbüs sahibkarlar arasında ünsiyyətin gücləndirilməsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi və biznes ictimaiyyətinin bir araya gəlməsi baxımından mühüm platformaya çevrilib. Tədbir çərçivəsində “Sahibkarlarla iftar süfrəsi”nin təşkilinə göstərdiyi dəstəyə görə Veysəloğlu Şirkətlər Qrupu xüsusi plaketlə təltif edilib. Veysəloğlu Şirkətlər Qrupu adından mükafatı Qrup CEO-nun Korporativ Funksiyalar üzrə müavini – İcra Komitəsinin üzvü İlqar Nuri qəbul edib. Səmimi və işgüzar mühitdə keçən iftar süfrəsi sahibkarlar arasında ünsiyyətin genişlənməsinə, yeni biznes əlaqələrinin qurulmasına və mövcud əməkdaşlıqların daha da möhkəmlənməsinə imkan yaradıb.

Ölkə başçısı Bəxtiyar Allahverdini “Tərəqqi” medalı ilə təltif edib

Ölkə başçısı Bəxtiyar Allahverdini “Tərəqqi” medalı ilə təltif edib

Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan sərəncama əsasən, ölkənin iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edilib. Təltif olunanlar sırasında Şirkətlər Qrupumuza daxil olan “Veysəloğlu Distribusiya” MMC-nin İdarə Heyətinin sədri Allahverdi Bəxtiyar Adil oğlu da yer alıb. Bu yüksək dövlət mükafatı Bəxtiyar Allahverdinin uzunmüddətli səmərəli fəaliyyəti, sahibkarlıq sahəsində əldə etdiyi uğurlar və ölkə iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfənin göstəricisidir. Veysəloğlu Şirkətlər Qrupu olaraq, Bəxtiyar müəllimin bu dövlət mükafatına layiq görülməsini böyük qürur hissi ilə qarşılayır, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.

Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri keçirilib

Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri keçirilib

Gülüstan Sarayında Veysəloğlu Şirkətlər Qrupu tərəfindən hər il ənənəvi olaraq təşkil edilən “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri baş tutub. Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti, Qrupun tərkibinə daxil olan şirkətlərin rəhbərləri, idarəetmə komandası və müxtəlif struktur bölmələrinin rəhbərləri iştirak ediblər. Tədbirin əsas məqsədi ötən ilin nəticələrinin qiymətləndirilməsi, əldə olunan uğurların bölüşülməsi və qarşıdakı dövr üçün strateji prioritetlərin müəyyənləşdirilməsi olub. Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Veysəloğlu Şirkətlər Qrupunun himni təqdim olunub. Davamında ölkəmizin və Şirkətlər Qrupunun 2025-ci il ərzində əldə etdiyi nailiyyətləri əks etdirən videoçarxlar nümayiş etdirilib. Tədbir çərçivəsində Qrupun əsas biznes istiqamətləri üzrə fəaliyyət göstərən "Veysəloğlu-Distribusiya", "OBA" marketlər şəbəkəsi, "Veysəloğlu-Rossmann", "Veysəloğlu-Əmlak" və "Araz" supermarketlər şəbəkəsinin rəhbərləri tərəfindən təqdimatlar keçirilib. Çıxışlarda şirkətlərin ötən dövr üzrə fəaliyyət nəticələri, bazar mövqeləri və gələcək inkişaf strategiyaları barədə ətraflı məlumat verilib. Proqramın davamında şirkətlərin idarə heyəti üzvlərinin iştirakı ilə panel müzakirəsi təşkil olunub. “Rəqəmsal dövrdə strateji rəhbərlik və komanda sinerjisi” mövzusuna həsr olunan paneldə iştirakçılar müasir idarəetmə modelləri, innovativ yanaşmalar və komanda əməkdaşlığının əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar. Tədbirin ikinci hissəsində Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşları ilə əməkdaşlıq təcrübəsini əks etdirən videoçarx təqdim olunub. Ardınca şirkətin korporativ dəyərlərinə və təşkilati mədəniyyətinə uyğun olaraq “Vəfa Zirvəsi” mükafatlarının təqdimatı keçirilib. Daha sonra şirkət rəhbərləri tərəfindən “Komanda işi” nominasiyaları üzrə fərqlənən əməkdaşlar təltif olunub. Həmçinin bütün Şirkətlər Qrupunu əhatə edən “İlin nominasiyaları” çərçivəsində qalib layihələr mükafatlandırılıb. Tədbirdə çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Veysəloğlu "VŞQ"nin inkişaf strategiyası, korporativ dəyərlərin gücləndirilməsi və gələcək hədəflərlə bağlı fikirlərini bölüşüb. Gecənin sonunda əvvəlki illərin qaliblərinin xronoloji təqdimatı nümayiş etdirilib və “Təsisçidən Özəl”, “İlin Ən Mənfəətli Şirkəti” və “İlin Şirkəti” nominasiyaları üzrə qaliblər mükafatlandırılıb. Qeyd edək ki, “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri Veysəloğlu Şirkətlər Qrupunun daxilində strateji planlaşdırmanın gücləndirilməsi, komanda birliyinin möhkəmləndirilməsi və institusional inkişafın təşviqinə xidmət edir.

Veysəloğlu Şirkətlər Qrupu “Diamond” statuslu üzvlüklə təltif olundu

Veysəloğlu Şirkətlər Qrupu “Diamond” statuslu üzvlüklə təltif olundu

Azərbaycan Dövlət Gömrük Komitəsinin dəstəyi, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə “#bizislahatlarahazırıq” şüarı altında Milli Biznesin İnkişafı Forumunun XIV xüsusi sessiyası keçirilib. Aprelin 8-də Dövlət Gömrük Komitəsinin inzibati binasında baş tutan tədbirdə müxtəlif sahələri təmsil edən şirkət rəhbərləri, biznes nümayəndələri və İdarə Heyətinin üzvləri iştirak ediblər. Sessiyanın əsas məqsədi biznes subyektlərinin mövcud sual və təkliflərinin müzakirəsi, onların operativ cavablandırılması, eləcə də dövlət–biznes dialoqunun daha da gücləndirilməsi olub. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun iştirakı ilə keçirilən sessiyanın birinci hissəsində gömrük sahəsində həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər, mövcud prosedurlar və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Forumun ikinci hissəsində sahibkarları maraqlandıran suallar Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov tərəfindən ətraflı şəkildə cavablandırılıb. Sessiyanın sonunda Veysəloğlu Şirkətlər Qrupu “Diamond” statuslu üzvlük sertifikatı ilə təltif olunub. Mükafatı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov şirkətin təsisçisi və baş direktoru Aydın Veysəloğluna təqdim edib.